Volkan Aydemir : Azərbaycan Ordusunun gücü və qüdrəti dünyaya məlumdur
İstanbul, 28 sentyabr, AZƏRTAC
Tarixboyu, xüsusilə 1918-ci və 1992-ci illərdə azərbaycanlılara qarşı soyqırımı və qırğınlar törədən qatil Ermənistan və onun tərəfdarları unutmamalıdırlar ki, biz türk olaraq daim küllərimizdən yenidən doğularaq böyük zəfərlərə imza atmışıq. Bu hadisələr əsrlərboyu bütün dünyanın gözləri qarşısında baş verib, hər kəs türkün mərdliyinə və qəhrəmanlığına şahiddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.
O deyib: “Azərbaycan ildən-ilə inkişaf edir və iri addımlarla irəliləyir. Xüsusilə yaşadığımız bu əsrdə Azərbaycan böyük siyasi xadim İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində nəinki Qafqazın parlayan ulduzuna çevrilib, hətta dünyanın qabaqcıl ölkələri arasında öz yerini tutub. Hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri yaxından izləyirik. Hər qələbə xəbəri ilə daha da ruhlanırıq. Azərbaycan Ordusunun gücü və qüdrəti dünyaya məlumdur. Biz - artıq yüz ildir Türkiyədə, Anadolu torpaqlarında yurd salan Azərbaycan əsilli türklər olaraq hər bir Türkiyə vətəndaşı kimi Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə Qarabağ uğrunda döyüşlərə qatılmağa hazırıq. Ürəyimiz və dualarımız Azərbaycan əsgərləri ilədir. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Azərbaycan Ordusu!”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul