Vüqar Əhmədov: Azərbaycanda avarçəkmə idmanının inkişafı üçün ardıcıl tədbirlər görüləcək
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti vəzifəsinə seçilməyim mənə göstərilən böyük etimaddır. Bu etimadı doğrultmaq üçün qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə çalışacağam.
Bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Avarçəkmə idmanının inkişaf etdirilməsi üçün yaxın gələcəkdə bir sıra işlərin görüləcəyini qeyd edən V.Əhmədov bu sahədə güclü idmançıların yetişdirilməsi, onların nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmələri üçün əllərindən gələni əsirgəməyəcəyini bildirib: “Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nailiyyətlər əldə etmişik. Çalışmalıyıq ki, avarçəkmə üzrə də qələbələr qazanaq və bu uğurlar davamlı olsun. Ölkəmizdə avarçəkmənin kütləviliyinin təmin edilməsi, onun coğrafiyasının daha da genişləndirilməsi üçün bir sıra işlər görüləcək. Çalışacağıq ki, gənclərimiz avarçəkmə yarışlarında böyük uğurlar qazansınlar”.
Federasiya prezidenti avarçəkmənin təkcə Mingəçevirdə deyil, respublikamızın digər bölgələrində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. V.Əhmədov paytaxt Bakı da daxil olmaqla, Şirvanda, eləcə də Qarabağda avarçəkmənin inkişaf etdirilməsi üçün ardıcıl işlərin görüləcəyini bildirib.