Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu arzularımızı reallığa çevirdi

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu arzularımızı reallığa çevirdi

Bakı, 25 iyun, AZƏRTAC

26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuzun şücaəti, qəhrəmanlığı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirməklə yanaşı, vaxtilə itirilmiş qürurumuzun 44 günlük Vətən müharibəsində Zəfərimizlə bərpasından sonra başı uca, alnı açıqdır. Bu şanlı Qələbənin əsas qəhrəmanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Tarixi Zəfərin mübarək, Azərbaycan və Azərbaycan xalqı! Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun da var. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu arzularımızı reallığa çevirdi” sərlövhəli məqaləsində yer alıb. Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı bu gün Silahlı Qüvvələrinin gücü, qüdrəti sayəsində bu tarixi günü - 26 İyun Azərbaycan Silahlı Qüvvələri Gününü xoş ovqatla, qürurla, ərazi bütövlüyümüzün bərpası, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşub yeni səhifənin açılması fonunda qeyd edir. Amma hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur: “Azərbaycan Ordusunun şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Tarixi paralellər fonunda 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da mühüm uğurlara imza atıldığını, davamlı işlər görüldüyünü qeyd edə bilərik. Azərbaycan Ordusu özünün inkişaf dövrünü yaşadı, maddi-texniki bazasını daha da möhkəmləndirdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi, bir sözlə, hakimiyyətsizlik bütün sahələrdə uğursuzluqlara yol açmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, silahlı qruplaşmalar geniş vüsət almışdır. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının ifadəçisi kimi çıxış edərək, ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olmuşdur. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı yaşadığı bu böhrandan, qarşıdurmalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycanda müasir ordu quruculuğunun əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddətdə Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir olan mütəşəkkil hərbi qüvvəyə çevrildi”.

Baş redaktor diqqətə çatdırıb ki, müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli Ordunun olması olduqca vacibdir: “Ümummilli Lider bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Bu məqamı da qeyd edək ki, ordu quruculuğu istiqamətində mühüm addımlar ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə də əsas diqqət göstərilən məsələ olub. Belə ki, Azərbaycanı gələcəkdə müstəqil görmək istəyən Ümummilli Lider bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan da biri gərgin səylər nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün böyük fəxrlə qeyd edirik ki, hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu hərbi liseyin yetirmələridir.1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılması və gücləndirilməsinə, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Qeyd edək ki, müstəqilliyimizin ilk illərində ölkədəki mövcud vəziyyət orduda xidmətdən yayınma hallarının, fərariliyin artmasına səbəb olmuşdur. 1993-cü ildən sabitliyin yaradılması, orduya diqqət və qayğı bu halları aradan qaldırdı, Azərbaycan gəncləri böyük əhval-ruhiyyə ilə “Vətən mənə oğul desə nə dərdim...” deyib ordu sıralarına qoşulur, torpağının, Vətəninin keşiyində şərəflə dayanırdı. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik”. 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirməklə yanaşı, digər sahələrin, o cümlədən ordunun da inkişafına geniş yol açdı. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət kimi dövlət siyasətinin əsasında dayandı”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu hər an bəyan edirdi. Son 17 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələr kimi, ordu quruculuğunda da mühüm tədbirlər həyata keçirərək bugünkü Zəfərimiz üçün yaradılan möhkəm təmələ yeni əlavələr etdi. Ölkə Prezidenti İlham Əliyev 2003-2021-ci illəri ərazi bütövlüyümüzün bərpasına, Dağlıq Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi xarakterizə edir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yarandı: “Ölkəmizin iqtisadi qüdrəti ordu quruculuğu sahəsində davamlı addımlara, Fərman və sərəncamların imzalanmasına yol açdı. Bu illər ərzində keçirilən Beynəlxalq Müdafiə sərgilərində, hərbi paradlarda Azərbaycan hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirirdi. 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin, eyni zamanda, Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradlarda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük inamla, əminliklə qeyd etdiyi hədəflər reallığa çevrildi. Ölkə Prezidenti bəyan etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istəyimizi, arzumuzu reallığa çevirdi”.

2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt qələbələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu göstərmişdir. Görünür Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Silahlı Qüvvələrinin bu dərsindən nəticə çıxarmadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən əks hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən böyük qətiyyətlə alındı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışını yüksək əhval-ruhiyyə ilə cavablandıran ordumuz düşmənə layiq olduğu yeri göstərdi.

Zəfərimiz bu illər ərzində Azərbaycanın qazandığı uğurların zirvəsi kimi dəyərləndirilir. Bu illər ərzində bütün sahələrdə uğurlara imza atan Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi idi. Prezident İlham Əliyev bütün beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın haqlı mövqeyini bəyan edərək, dünyaya bu çağırışı edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Azərbaycan dövləti bu çağırışı ilə ədaləti, beynəlxalq hüququ müdafiə etməklə yanaşı, ikili siyasətin hansı problemlərə yol açdığını açıqlayırdı. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın uzanması da bu ikili siyasətin nəticəsi idi.

Reallıq bu idi ki, Azərbaycanın təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanır, bütün hallarda Ermənistan fakt qarşısında aciz duruma düşürdü. Son 17 ildən artıq dövrdə Azərbaycanın diplomatik sahədə qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Azərbaycan regionda və dünyada söz sahibi olduğunu bir daha təsdiqlədi. Azərbaycan sözünün imzası qədər dəyəri olduğunu atdığı hər addımında nümayiş etdirdi.

Beynəlxalq hüququn müdafiəsi ilə yanaşı, ordu quruculuğu sahəsində də davamlı addımları ilə diqqət çəkən Azərbaycan Ermənistanın sərsəm bəyanatları ilə üz-üzə qalırdı. Dövlətimizin ordu quruculuğu sahəsində atdığı addımları, hərbi büdcəsini artırmasını sülh danışıqlarından imtina kimi dəyərləndirən Ermənistan hakimiyyəti bildirirdi ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. İllər keçdikcə danışıqları imitasiya naminə apardığı məlum olan Ermənistanın diqqəti özündən uzaqlaşdırıb Azərbaycanı günahkar kimi təqdim etməsi hər zaman dövlətimizin sərt reaksiyası ilə qarşılanıb. Azərbaycanın hərbi büdcəsini artırması, müdafiə qabiliyyətini gücləndirməsinin suveren haqqı olduğunu bildirən dövlətimizin başçısı bütün sahələrdə inkişafın getdiyini, ordunun bu tərəqqidən geri qalmasının mümkünsüzlüyünü hər zaman bəyan edib. Son 17 ildən artıq dövr Azərbaycanın tarixində torpaqlarımızın işğaldan azad edilməsi üçün səylərin artırılması, Ermənistanın ərköyünlüklərinin lazımi səviyyədə cavablandırılması, rəsmi Bakının sərt bəyanatlar səsləndirməsi ilə yadda qalıb. Son bəyanat isə Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəm xülyasına cavab oldu. Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu illər ərzində Ordumuza, onun şəxsi heyətinə göstərilən diqqət və qayğının təməlində bir ali məqsəd dayanırdı- Torpaqlarımız erməni işğalçılarından azad edilsin, dövlətimizin ərazi bütövlüyü, soydaşlarımızın pozulmuş hüquqları bərpa olunsun, regionda sülh, əmin-amanlıq bərqərar edilsin. Dağlıq Qarabağ problemini ümumilikdə regionda iqtisadi tərəqqiyə, təhlükəsizliyə böyük maneə kimi dəyərləndirən, qətnamələrində ədalət meyarını öndə saxlayıb, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına çağırış edən beynəlxalq təşkilatların, dövlətlərin işğalçı Ermənistana “dur” demələrinin zamanı çoxdan çatsa da işğalçıya hansısa bir təzyiqin göstərilməsinin müşgülə çevrilməsi təəccüb doğurmaya bilməzdi. 30 ilə yaxın dövrdə Ermənistana “dur” deyə bilməyən, BMT Təhlükəsizlik şurasının qətnamələrini kağız üzərində saralmasına səbəb olan dövlətlərin, beynəlxalq təşkilatların görə bilmədiklərini Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində elədi. BMT Təhlükəsizlik şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan Ordusu dünyaya mesajlarını ünvanladı-Beynəlxalq hüquq mövcuddur, onun icrası dövlətlərin maraqları ucbatından çətinə düşüb. Dövlətlər maraqlarını bir tərəfə qoyub münaqişəli məsələlərə ədalət meyarından yanaşsalar həllini uzun müddət gözləməz, regionda və dünyada sülh, əmin-amanlıq, təhlükəsizlik olar.

Azərbaycanın Vətən müharibəsində Qələbəsini şərtləndirən əsas amillər bunlardır: iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması. Gənclərimizdə torpaq, Vətən sevgisi bu amillər sırasında xüsusi yer alır. 2003-cü ildən bu yana böyüyən gənclər torpaqlarımızın işğaldan azad edilməsində torpaq sevgisini nümayiş etdirdilər.

Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Dövlətimizin başçısı İlham Əliyev “Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi” fikirləri ilə Vətən müharibəsində Qələbəmizi şərtləndirən amilləri, həmçinin Zəfərimizin doğurduğu əks-sədanı, dünyaya çağırışları və qarşıdakı dövr üçün prioritetləri özündə ehtiva edir.

Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər. Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir.

Prezident İlham Əliyev daim çıxışlarında bəyan edirdi ki, gün gələcək üçrəngli bayrağımız Şuşada dalğalanacaq. O gün uzaqda deyil.

İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş 6 şəhərdə, 5 qəsəbədə, 300-ə yaxın yaşayış məntəqəsində dalğalanır. Bu Zəfərin müəllifi Ali Baş Komandan, Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən öz gücü, bacarığı ilə azad edən əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan rüsvayçı təslimçilik aktını imzaladı. Qarabağın ürəyi, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi Ermənistanın diz çökməsi ilə nəticələndi. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı oldu. Azərbaycan Ordusu “yenilməz erməni ordusu” mifini darmadağın etdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dövlətimizin başçısı İlham Əliyev xalqa bütün müraciətlərində Qələbə xəbərlərini çatdırmaqla yanaşı, məhv edilmiş, yaxud qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının, silah-sursatının siyahısını təqdim edirdi. Bu əminlik də ifadə edilirdi ki, Zəfər paradında bunlar Azadlıq meydanında nümayiş olunacaq.

Zəfərimiz “Nəyi nə vaxt, necə edəcəyimizi bilirik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. Ölkə Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində bu məqamı xüsusi bəyan edirdi ki, 30 ilə yaxın dövrdə havadarları işğalçı Ermənistana vaxt qazanmaq üçün danışıqlar prosesinin imitasiya naminə aparılmasına dəstək olub. Bu diqqətin nəticəsi olaraq işğalçı dövlət yeni ərazilər uğrunda planlar hazırlayıb.

2020-ci ildə Ermənistan silahlı qüvvələrinin 3 dəfə təxribat cəhdləri də onların yeni ərazilər uğrunda mübarizələrinin göstəricisi idi. Sentyabrın 27-də baş verən hərbi təxribat Azərbaycan dövlətinin, xalqının səbrini daşırdı. “Artıq irəli” deyib düşməni yerində oturtmaq zamanı idi ki, güclü, qüdrətli Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdi, işğalçı dövlətə elə bir dərs verdi ki, tarix boyu unuda bilməz. Azərbaycanın dünyaya səs salan “dəmir yumruq” əməliyyatının uğurlu nəticəsi bugünkü Zəfərimiz, Azərbaycanın regionda yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin olunması üçün əməkdaşlıq formatlarının yaradılmasıdır.

Bu Qələbə həm də Azərbaycan -Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. 44 gün davam edən müharibədə xalqımıza mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə əsrlərdən bəri qorunub saxlanılan qardaşlığa sadiq qaldı. Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda “Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi” söyləyən, hər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı, keçirilən birgə hərbi təlimləri yüksək dəyərləndirən Prezident İlham Əliyev qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində dəstəyini daim önə çəkərək, bu birliyin, həmrəyliyin Zəfərimizdə stimulverici amil olduğunu xüsusi qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyanatı ilə dünyaya ən mühüm mesajları çatdırdı.

Tarixi Zəfərimizin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı da bu birliyi özündə əks etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında iştirakı hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. “Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk” söyləyən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini də qardaş ölkənin dəstəyi ilə birgə həyata keçirəcəyimizə əminliyini ifadə etdi.

Hərbi Paradda, onun ardınca dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının nümayişi işğalçı dövlətə və 30 ildə dəstək göstərib münaqişənin həlli prosesini uzadan dövlətlərə ciddi mesaj oldu.

Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin “Biz hərb istəmirik, amma hərbə hazırıq” sözlərini reallaşdırdı. Əvvəldə də qeyd etdiyimiz kimi, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Ölkə vətəndaşlarının intizarla gözlədikləri Prezident İlham Əliyevin xalqa müraciətlərində və beynəlxalq hərbi ekspertlərin açıqlamasında qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da xüsusi yer alır. Belə ki, Ordumuz “Qlobal atəş gücü” indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı qabaqlayır. Azərbaycan, həmçinin dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Təbii ki, bu dəyərləndirmələr dövlətimizin orduya diqqət və qayğısının, əsgərlərimizin peşəkarlığının, döyüş ruhunun artırılması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmayan Ermənistanın ordusu fərarilərdən, qorxaqlardan ibarətdir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə erməni əsgərlərinin silah-sursatla yanaşı, papaqlarını qoyub qaçmaları, gənclərin koronavirus infeksiyasına yoluxma adı altında saxta sənədlərlə ordudan yayınmaları, yaşlı nəslin, ən əsası qadınların belə orduya cəlb edilməsi işğalçı dövlətdə yaşanan acınacaqlı durumun aydın mənzərəsini təqdim edirdi. Bu statistika açıqlandı ki, qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqləyirdilər. Döyüş meydanında, bütün dünya qarşısında rəzil olan ermənilərin bundan sonra bu damğa ilə yaşayacaqlarını önə çəkən dövlətimizin başçısı İlham Əliyev Ermənistanı uğursuz ölkə adlandırır. Bu uğursuzluğa səbəb işğalçılıq siyasətidir.

Azərbaycan Ordusu işğalçıya qalib gəlməklə bölgədə erməni faşizminin belini qırdı. “Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq… Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər ki, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə” söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində xarici mətbuata müsahibələrində göstərdiyi qətiyyət, qərəzli suallara məntiqli cavabları, dünya siyasətinin təhlili baxımından verdiyi açıqlamalar lider qətiyyətinin təqdimatı oldu.

Hər zaman bütün bayramlarda, xüsusilə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günündə xalqımıza təbrikdə bu arzu ifadə edilirdi ki, Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalansın. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində bu arzumuz reallığa çevrildi.

Zəfər milli ruhun oyanışı, xalqımıza özünəqayıdış sevincini yaşadan şəhidlərimizin ruhu, qazilərimizin rəşadətidir. Xalqımıza qürur verən Zəfərimizin müjdəçisi olan bayrağımıza bürünən şəhidlərimizin ruhları rahatdır. “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” tezisi hər birimizin həyat amalına çevrilməli, şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşamalı, onların həyat yolu gənclərimizə vətənpərvərlik məktəbi olmalıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı davamlıdır. Prezident İlham Əliyevin tarixi Qələbəmizdən sonra ilk olaraq yaralı hərbçilərlə görüşməsi, onlara minnətdarlığını ifadə etməsi, bu Qələbənin qazanılmasında onların rolunu yüksək dəyərləndirməsi də bunun bariz nümunəsidir. Bu kateqoriyadan olan insanlar hər birimizin sevgi ilə yanaşdığımız ünvanlardır. Zəfərimizdən sonra, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə hərbçilərimizin Milli Qəhrəman adına layiq görülmələri, orden, medallarla təltif olunmaları qürurvericidir.

Ölkə Prezidentinin 2021-ci il tarixli 25 iyun “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında Sərəncamı da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ali Baş Komandanın bu mühüm addımı Silahlı Qüvvələrimizin bütün stukturlarında çalışan hərbçilərimizə diqqət və qayğının bariz nümunəsidir.

Görüşlərində, çıxışlarında daim “Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” bildirən Prezident İlham Əliyev bu fikri də böyük qürur hissi ilə qeyd edir ki, Azərbaycan xalqına qələbə yaraşır. Bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.

Bu əlamətdar gün münasibətilə Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevi, ona hər zaman dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı, rütbəsindən, daşıdığı vəzifəsindən asılı olmayaraq bütün hərbçilərimizi təbrik edir, Vətəni qorumaq kimi müqəddəs məsuliyyətli vəzifələri layiqincə yerinə yetirmələrində uğurlar arzulayırıq. Vətən sənə əmanətdir, Azərbaycan əsgəri!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub