Vyetnam televiziyasında 28 May – Respublika Günü münasibətilə verilişlər yayımlanıb
Hanoy, 1 iyun, AZƏRTAC
Vyetnam dövlət televiziyasının iki kanalında (VTV1 və VTV4) Azərbaycanın milli bayramı- Respublika Günü münasibətilə verilişlər yayımlanıb.
VTV1-in Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun müsahibəsi əsasında hazırladığı proqramda 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının dövlətçilik ənənələri, onun hüquqi varisi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, ölkəmizin enerji, sənaye, informasiya texnologiyaları, təhsil, səhiyyə sahəsində qazandığı uğurlar, Azərbaycanın liderliyi ilə reallaşan enerji və infrastruktur layihələri barədə məlumat verilib.
Səfir, həmçinin Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın tarixi və hazırkı vəziyyəti barədə danışıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük təkan verdiyini vurğulayıb. Hər iki ölkənin hakim partiyaları və parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, eləcə də humanitar sahədə əlaqələrin inkişaf etdiyi bildirilib.
Bundan başqa, VTV4 kanalının Vyetnam, ingilis və rus dillərində xəbər buraxılışlarında da səfir Anar İmanovla müsahibə yayımlanıb. Müsahibədə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verilib, iqtisadi, ticari, təhsil, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda 2015-ci ildə yaradılmış İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy