“VyetnamPlus”: Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur
Hanoy, 2 iyun, AZƏRTAC
“VyetnamPlus” internet qəzetində Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə mülki əhalini və mülki obyektləri kimyəvi silahlardan atəşə tutması ilə bağlı məqalə dərc olunub.
Məqalədə Azərbaycanın beynəlxalq ictimaiyyəti Ermənistan hərbi qüvvələrinin ağ fosfor (P4) kimyəvi tərkibli silahlardan istifadə etməsini pisləməyə çağırdığı vurğulanır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına istinad olunan yazıda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan sursat D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) tərkibli maddə olan mərminin ümumi çəkisi 27,7 kiloqramdır. Qeyd olunan faktın Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən aşkar olunduğu məqalədə əksini tapıb.
“VyetnamPlus” internet qəzeti Ermənistanın beynəlxalq humanitar hüquq və insan haqları üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu vurğulayıb. Məqalədə Ermənistan tərəfinin həmin məsələ ilə bağlı mövqe bildirməməsi də qeyd olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy