WUF13 çərçivəsində su idarəçiliyi və dayanıqlı şəhər inkişafı müzakirə olunub- YENİLƏNİB
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Su ilə ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sürətli urbanizasiya və iqlim dəyişiklikləri fonunda şəhərlərdə su idarəçiliyi, dayanıqlı mənzil təminatı və iqlimə uyğunlaşma məsələləri müzakirə olunub. Panel çərçivəsində şəhər su infrastrukturu ilə dayanıqlı mənzil sistemləri arasındakı əlaqələr, inteqrasiya olunmuş şəhər su idarəçiliyi, təbiətə əsaslanan həllər və “ağıllı” su texnologiyaları diqqət mərkəzində olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov bildirib ki, bu gün şəhərlər sürətli urbanizasiya, su qıtlığı, daşqın riskləri və iqlim dəyişiklikləri kimi ciddi çağırışlarla üzləşir. O qeyd edib ki, su artıq yalnız kommunal xidmət deyil, milli təhlükəsizlik, iqtisadi inkişaf və ictimai rifah məsələsidir. Sədr müavini Azərbaycanın son illərdə su sektoru sahəsində həyata keçirdiyi institusional islahatlar, Milli Su Strategiyası və Bakı ilə Abşeronun iqlim dəyişikliklərinə qarşı dayanıqlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
G100 Ağıllı və Dayanıqlı Şəhərlər Qlobal Şəbəkəsinin sədri, “Kale Group” şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Zeynəb Bodur-Okyay vurğulayıb ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Onun sözlərinə görə, şəhər əhalisinin artım tempinə baxmayaraq, su sistemləri eyni sürətlə inkişaf etmir və bu, artıq yalnız su problemi deyil, sistemli şəhər çağırışına çevrilib. O həmçinin bildirib ki, dayanıqlı şəhərlər etibarlı su və sanitariya sistemləri olmadan mümkün deyil.
BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Məsləhət Şurasının sədri Luis Qalleqos çıxışında inklüzivliyin vacibliyini xüsusi qeyd edib. O bildirib ki, hazırda dünyada 1,3 milyard əlilliyi olan şəxs yaşayır və yaşlanan əhali fonunda şəhər infrastrukturu hər kəs üçün əlçatan olmalıdır. Vurğulayıb ki, “su ilə ağıllı şəhərlər” konsepsiyası əlilliyi olan şəxslərin, yaşlı insanların və digər həssas qrupların ehtiyaclarını nəzərə alan inklüziv yanaşmaya əsaslanmalıdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov qeyd edib ki, universitet qlobal çağırışları nəzərə alaraq təhsil proqramlarını yenidən formalaşdırır. O, Strasburq Universiteti ilə su ehtiyatlarının idarə olunması, Uorvik Universiteti ilə isə bərpaolunan enerji üzrə həyata keçirilən ikili magistr proqramları barədə məlumat verib. Rektorun sözlərinə görə, yeni nəsil mühəndislər yalnız texniki biliklərə deyil, həm də sosial, iqtisadi və məlumat əsaslı qərarvermə bacarıqlarına malik olmalıdırlar.
UN-Habitat nümayəndəsi Asa Jonson isə çıxışında su və sanitariya xidmətlərinin şəhər planlaşdırılmasına inteqrasiyasının vacibliyini vurğulayıb. O bildirib ki, şəhərlərin öz inkişaf səviyyələrini qiymətləndirdiyi Yerli Könüllü Hesabatlar bu baxımdan mühüm rol oynayır. Həmçinin qeyri-rəsmi yaşayış məntəqələrində su təminatı və tullantı sularının idarə olunmasının daha görünən hala gətirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov bildirib ki, urbanizasiya ilə əlaqədar yağış və tullantı sularının idarə olunması əsas problemlərdən biridir. Onun sözlərinə görə, şəhərləşmə nəticəsində drenaj sahələrinin azalması və sərt örtüklü ərazilərin genişlənməsi sel və daşqın risklərini artırır.
Rəşail İsmayılov, həmçinin Azərbaycanda su sektorunda həyata keçirilən institusional islahatlar və Bakı göllərinin bərpası layihələri barədə məlumat verib.
Tədbir çərçivəsində BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu da imzalanıb. Memorandumu Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov və UNITAR-ın Qlobal Su Akademiyasının direktoru Ebru Canan Sokullu imzalayıblar.