CƏMİYYƏT
Xaçmazda “Gəlin çeşidləyək” adlı ekoloji layihə həyata keçirilir
Xaçmaz, 9 fevral (AZƏRTAC). Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE) Xaçmaz şəhərində yerləşən məktəblərdə “Gəlin çeşidləyək” adlı genişmiqyaslı ekoloji layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, fevralın 1-də icrasına başlanılan layihənin əsas məqsədi Xaçmaz şəhərində yerləşən məktəb şagirdlərinin tullantıların çeşidlənməsi haqqında maarifləndirilməsi və onların bu işdə səyinin artırılmasıdır.
Həyata keçirilən layihədə 500-dək məktəblinin iştirakı nəzərdə tutulmuşdur. Layihə çərçivəsində bütün məktəblər tullantıları çeşidləmək üçün xüsusi qablarla təmin olunacaqdır. Cari tədris ilinin sonunadək davam edəcəyi planlaşdırılmış layihənin ölkənin digər region və şəhərlərində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.
CASE təşkilatı 2012-ci ildə xaricdə təhsil almış bir qrup tələbə tərəfindən yaradılmış, əsas məqsədi ölkəmizdə müxtəlif ekoloji və sosial yönümlü layihələr həyata keçirməkdir. Təşkilatın könüllüləri Bakı, Mingəçevir və Xaçmaz şəhərlərində fəaliyyət göstərirlər.