Xaçmazda iki yeni modul tipli məktəb inşa edilir
Xaçmaz, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Mollabürhanlı və Şıxlar kəndində yeni modul tipli məktəblərin quraşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Mollabürhanlı kəndində inşa olunan modul tipli məktəb 96, Şıxlar kəndində isə 40 şagird yerlik olacaq.
Hər iki məktəb binasının növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulub.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Bu günədək Xaçmaz rayonunun müxtəlif kəndlərində 23 yeni modul tipli məktəb inşa olunub.