Xaçmazda Vətən müharibəsi şəhidlərinin övladları hədiyyələrlə sevindirilib
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları hədiyyələrlə sevindirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi şəhid ailələrinin evlərində olub, bayram hədiyyələrini uşaqlara təqdim ediblər.
Bildirilib ki, bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onlar qəlblərdə əbədi yaşayacaqlar. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdardır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əlamətdar gündə övladlarının yad olunmasını şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.