XALQ ARTİSTİ FİRƏNGİZ ŞƏRİFOVA İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
İttifaqdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüşdə qurumun idarə heyətinin sədri, xalq artisti Azər Paşa Neymətov, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov, “Yuğ” Dövlət Teatrının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, kinorejissor, xalq artisti Eldar Quliyev, xalq artistləri Tariyel Qasımov, Əminə Yusifqızı, Fuad Poladov, Afaq Bəşirqızı və başqaları çıxış edərək, milli teatrımızın ən qüdrətli aktyorlarından sayılan Abbas Mirzə Şərifzadənin və Mərziyə Davudovanın övladı olan, öz ailəsinin müqəddəs səhnə ənənələrinə sadiq qalan Firəngiz Şərifovanın Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 55 il ərzində yaratdığı bənzərsiz, zəngin obrazlarından, yüksək peşəkarlığından, seçdiyi sənətə vurğunluğundan danışmışlar.
Onlar vurğulamışlar ki, Firəngiz Şərifovanın fitri istedadı, ifa üslubuna xas olan təbiiliyi, yüksək səhnə mədəniyyəti ona həmişə öz həyatiliyi ilə seçilən müxtəlif taleli saysız-hesabsız surətlər yaratmağa imkan vermişdir. Görkəmli sənətkarın milli teatrımızın inkişafında göstərdiyi fədakarlıq gənc aktyorlar üçün əsl həyat məktəbidir.
Xalq artisti Firəngiz Şərifova yaradıcılığına göstərilən yüksək diqqətə görə görüş iştirakçılarına minnətdarlığını bildirmişdir.
Yubilyara qiymətli hədiyyələr və gül dəstələri təqdim olunmuşdur.
Sonra musiqi proqramı səslənmişdir.