Xalq Şairi Fikrət Qoca 75 illiyini Ağdaşda həmyerliləri arasında keçirmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, noyabrın 26-də Xalq Şairi Fikrət Qocanın 75 illik yubileyi doğulub, boya-başa çatdığı Ağdaşda qeyd edilmişdir. Tədbirlərdə respublikamızın elm, sənət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri də iştirak etmişlər. 75 yaşlı F.Qoca yubiley tədbiri çərçivəsində ilk olaraq Ağdaşdakı Dövlət Humanitar Kollecinin tələbələri ilə görüşmüşdür.
Tələbələr şairin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. Fikrət Qocanın yaradıcılığına həsr olunmuş rəsm və şeir müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.
Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan “Mən kiməm” sənədli televiziya filmi nümayiş etdirilmişdir.
Sonra Ağdaş şəhər musiqi məktəbində yubiley tədbiri davam etdirilmişdir. Yubilyarı rayon ictimaiyyəti adından Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev təbrik etmişdir. Natiq 1935-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuş Fikrət Qocanın 75 illik ömür, 50 illik yaradıcılıq yolu barədə ətraflı məlumat vermişdir.
Akademik Bəkir Nəbiyev 20-dən artıq kitab müəllifi olan Fikrət Qocanın poeziyasının xarakterik xüsusiyyətlərindən danışmışdır. Xalq Şairi Söhrab Tahir, Xalq Artisti Habil Əliyev və başqaları Fikrət Qocaya ən xoş arzularını bildirmişlər.
Yubiley tədbirlərində incəsənət ustaları və yerli özfəaliyyət kollektivlərinin nümayəndələri konsert proqramı ilə çıxış etmişlər.
Sonda Fikrət Qoca onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.