Xalqımız qardaş Türkiyəyə dəstək üçün bir nəfər kimi ayağa qalxıb
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərində həmişə bir-birinin yanında olub, indi də belədir. Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dost, qardaş münasibətləri xalqlarımızı bir-birinə daha da doğmalaşdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, Vətən müharibəsinin ilk saatlarında Türkiyənin Azərbaycana siyasi, mənəvi dəstək olması, Ərdoğanın bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə böyük ruh və güc verdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra Türkiyə Prezidentinin Şuşaya, Füzuliyə, Zəngilana səfər etməsi qardaşlığımızın ən yüksək nümunəsi idi. Biz sevincdə də, kədərdə də hər zaman biri-birimizin yanındayıq.
“Türkiyədə baş verən dəhşətli, dağıdıcı zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi. Zəlzələ baş verdiyi gün Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və zəng edərək birbaşa əlaqə saxladı. Dövlətimizin başçısı bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək yaralananlara şəfa dilədi.
Fevralın 8-də dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və Azərbaycan xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini bildirdi. Bu, Azərbaycan və Türkiyənin sarsılmaz tellərlə bir-birinə bağlı olmasının təzahürüdür. Belə qardaşlığa heç bir qüvvə mane ola bilməz", - deyə K.Əliyeva qeyd edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin böyük bir qrupu Türkiyəyə göndərildi və ardınca fəlakət zonasına təyyarələrlə humanitar yardımlar yola salındı. Artıq azərbaycanlı həkimlər də zəlzələdə yaralanan insanların müalicəsi üçün Türkiyəyə ezam olunub.
“Qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərildi. Artıq Fondun könüllüləri də Türkiyəyə yola düşüblər.
Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan qardaş türk xalqına dəstək üçün ayağa qalxdı. Bakıda, daha sonra bütün rayonlarımızda əhali yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq qardaş Türkiyəyə yola salındı və bu kampaniya sona qədər davam etdiriləcək. İnsanlarımız bu kampaniyaya öz arzuları ilə, bacı-qardaşlarına, doğmalarına yardım etmək üçün qoşuldular. Bu gün hansı vəzifədə, peşədə çalışmalarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı maddi cəhətdən də Türkiyəyə dəstək olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumət üzvləri, sadə türk vətəndaşları da qeyd edirlər ki, bu çətin, ağır günlərdə ilk yardım qardaş Azərbaycandan gəldi. Azərbaycan dövləti öz qardaşlıq missiyasını əsirgəyə bilməzdi. Bu yardımlar təmənnasız, qardaşın-qardaşa olan sevgi və ehtiramından irəli gəlir”, - deyə K.Əliyeva vurğulayıb.
Deputat təəssüfləndiyini bildirib ki, xarici dövlətlərdəki insanlıqdan uzaq, əqidəsiz bəzi qüvvələr Türkiyədə baş vermiş bu fəlakəti sevinclə qarşıladılar. Onlar bilməlidirlər ki, bütün çətinliklərə baxmayaraq Türkün biləyi sınmaz, beli əyilməz. Türkiyə güclü, qüdrətli dövlət, türk xalqı mərd, əzmkar xalqdır. Tezliklə Türkiyə öz gücünə, qardaş dövlətlərin, xüsusilə Azərbaycanın dəstəyi ilə bu çətinliyin də öhdəsindən gələcək. Türkiyə bir dövlət kimi dünyada bundan sonra da öz sözünü deyəcək.