Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO
MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının növbəti iclası Qırğızıstanda keçiriləcək
Xankəndi, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib. Tədbir MDB-yə üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və rəqabətin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məqsədilə təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçits və MDB Baş katibinin müavini Denis Trefilov çıxış ediblər. Həmçinin Qırğız Respublikasının iqtisadiyyat və kommersiya nazirinin müavini Benazir Nurlanovanın, Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetovun, Rusiya Federal Antiinhisar Xidmətinin sədr müavini Ruslan Calyukovun və digərlərinin məruzələri dinlənilib.
Çıxışlar zamanı MDB-yə üzv dövlətlərdə rəqabət siyasəti sahəsində son dövrlərdə baş vermiş mühüm yeniliklər barədə məlumat verilib, rəqabət orqanları arasında milli təcrübələrin bölüşdürülməsinin, eləcə də müasir bazar çağırışlarına uyğun birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, rəqəmsallaşma, süni intellektəsaslı biznes modelləri, transsərhəd iqtisadi fəaliyyət və qlobal təchizat zəncirlərində baş verən dəyişikliklərin rəqabət siyasətinin təkmilləşdirilməsini zəruri etdiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahın fəaliyyətinin nəticələri, həmçinin antiinhisar tənzimlənməsi sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
İclasda, həmçinin Şuraya yeni sədrlik məsələsinə də baxılıb və Qazaxıstan Respublikası növbəti dövr üçün sədrlik edən ölkə olaraq müəyyənləşdirilib. Şuranın 62-ci iclasının isə Qırğız Respublikasında keçirilməsi qərara alınıb.
Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası 23 dekabr 1993-cü il tarixli “Antiinhisar Siyasətinin Həyata Keçirilməsi haqqında Saziş” əsasında fəaliyyət göstərir. Şuranın əsas məqsədi üzv dövlətlər arasında rəqabət siyasətinin əlaqələndirilməsi, antiinhisar qanunvericiliyinin tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və rəqabətin qorunması üzrə birgə yanaşmaların formalaşdırılmasıdır. Azərbaycan Respublikası Şurada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vasitəsilə təmsil olunur. Hazırda Şuraya Belarus Respublikası sədrlik edir.