Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantıda “Müdafiə islahatları” mövzusunda məruzə ilə çıxış edib. O, milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.
Görüşdə “Həlli uzadılmış münaqişə və regional təhlükəsizlik” mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını diqqətə çatdırıb.
Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.