XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ DİPLOMATİK XİDMƏTƏ QƏBUL OLUNMAQ İSTƏYƏNLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, sənəd qəbulu bu il yanvarın 23-dən fevralın 15-dək XİN-in nəzdində yaradılmış sənəd qəbulu komissiyasında və nazirliyin Naxçıvan Muxtar Respublikasındakı idarəsində (yalnız Naxçıvan MR-də yaşayanlar üçün) aparılmışdır. Namizədlərə “İmtahana buraxılış vərəqəsi”, “Namizədin vəsiqəsi” və “Yaddaş kitabçası” paylanmışdır.
Müsabiqədə ali təhsili olan, xarici dili sərbəst bilən, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər sahələrində xüsusi biliklərə malik olan Azərbaycan Respublikasının vətəndaşları iştirak etmişlər.
Bu imtahanı digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri test toplularının əvvəlcədən hazırlanmaması, namizədlərin imtahan proqramı və test tapşırıqlarının nümunələri ilə yalnız XİN-in internet saytında tanış olmaları idi.
744 nəfərin namizədliyi qeydə alınmışdır (669 nəfər Bakıda, 75 nəfər Naxçıvanda).
İmtahanda namizədlərə 120 sual təqdim olunmuşdur. İmtahan zamanı namizədlərin Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan mədəniyyəti, Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, xarici dil üzrə bilikləri, həmçinin, məntiqi və intellektual səviyyəsi yoxlanılmışdır.
Fənlər üzrə sual kitabçasına 80 sual daxil idi: Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və Azərbaycan Respublikasının Konstitusiyası üzrə 10, beynəlxalq münasibətlər üzrə 20, beynəlxalq hüquq üzrə 20, beynəlxalq iqtisadi münasibətlər üzrə 20, xarici dil üzrə 10 sual.
Hər düzgün cavab bir bal ilə qiymətləndirilmişdir. Namizədin məntiqi və intellektual səviyyəsinin yoxlanılması üçün sual kitabçasına 40 sual daxil edilmiş və bu suallara verilən hər düzgın cavab yarım bal ilə qiymətləndirilmişdir. Sual kitabçaları XİN nümayəndələrinin iştirakı ilə TQDK tərəfindən bunker (qapalı) şəraitində hazırlanmışdır.
Testin yekunlarına görə 80 və daha artıq bal toplayan 7 namizəd müsabiqənin növbəti mərhələsinə buraxılmışdır. (Onların 6 nəfəri Bakıda, 1 nəfəri isə Naxçıvanda imtahan vermişdir). Müsabiqənin ikinci mərhələsinə buraxılanların 4 nəfəri Bakı Dövlət Universitetinin məzunudur.