SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Oktyabrın 16-da xarici işlər naziri Vilayət Quliyev Azərbaycanda səfərdə olan NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Cozef Ralstonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Vilayət Quliyev bu səfərin NATO ilə Azərbaycan arasındakı əlaqələrin daha intensiv şəkildə genişlənməsinə təkan verəcəyini bildirərək, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Şimali Atlantika İttifaqı ilə əməkdaşlığın inkişafına Azərbaycanın böyük əhəmiyyət verdiyini vurğulamış və bu istiqamətdə müxtəlif sahələrdə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etmişdir.
General Cozef Ralston ABŞ-ın və Şimali Atlantika İttifaqının Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlı olduğunu bildirmiş, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının təlimlərində ölkəmizin yaxından iştirak etməsini yüksək qiymətləndirərək, müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.