SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Oktyabrın 17-də xarici işlər naziri Vilayət Quliyev Finlandiyanın Azərbaycanda akkretidə olunmuş fövqəladə və səlahiyyətli səfiri Timo Lahelmanı və bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Mərkəzi Asiya və MDB üzrə departamentinin rəisi xanım Terhi Hakalanı qəbul etmişdir. Nazir Vilayət Quliyev ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, əlaqələrin bir çox sahələrdə inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmiş və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davamlılığının zəruriliyini vurğulamışdır.
Səfirin xahişi ilə nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər və ATƏT-in Minsk qrupunun bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Səfir Timo Lahelma öz ölkəsinin Azərbaycanla münasibətlərinin möhkəmlənməsində və qarşılıqlı əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirmiş, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, beynəlxalq birliyin səyləri əsasında onun tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.