İQTİSADİYYAT
XARİCİ MƏTBUAT SƏHİFƏLƏRİNDƏ “FİQARO” AZƏRBAYCAN NEFTİNDƏN YAZIR
Respublikamızın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq Bakı-Tbilisi-Ceyhan boru kəməri barədə “Neft kəməri ətrafında mübarizə” adı altında dərc olunmuş növbəti məqalədə xarici neft mütəxəssislərinin ölkəmizdə 200 milyard barrel neft ehtiyatı olması faktına şübhə ilə yanaşdıqları göstərilir. Lakin ABƏŞ-in prezidenti Devid Vudvord onların inamsızlıqlarının əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, bp son nəticələrdə əmin olmasaydı, heç vaxt 15 milyard dollar sərmayə qoyuluşuna yol verməzdi. Boru kəməri işə salındıqdan sonra hər gün 1 milyon barrel neft ixrac ediləcəyini bildirən D.Vudvord bp-nin heç də xeyriyyə cəmiyyəti olmadığını vurğulamışdır.
Məqalə müəllifləri bp-nin Bakı ofisindəki ciddi iş qaydaları, BTC kəmərinin keçəcəyi yerlər, Səngəçal terminalında görülən işlər, boruların artıq daşınmağa başlanması və bəzi yerlərdə çəkilişi barədə ətraflı məlumat vermiş, neft sənayesinin inkişafında Azərbaycanın nəzərəçarpacaq rolundan danışmışlar. Qəzetdə BTC neft kəmərinin keçəcəyi ərazilərin xəritəsi də dərc olunmuşdur.
Bəzi subyektiv fikirlərə baxmayaraq, məqalə ölkəmizin neft sənayesi və BTC boru kəməri barədə Fransa ictimaiyyətində müəyyən təsəvvür yaradır.