XAVYER SOLANA PEYĞƏMBƏRİN KARİKATURALARI İLƏ BAĞLI QALMAQALIN YATIRILMASI ÜÇÜN YAXIN ŞƏRQƏ GƏLMİŞDİR
Fevralın 13-də Solana Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gələrək, burada İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür. Danışıqlarda Qərbin bir sıra nəşrlərində Məhəmməd Peyğəmbərə karikaturalar dərc edilməsi ilə bağlı qalmaqalın tənzimlənməsi yolları müzakirə olunmuşdur. Görüşdən sonra İhsanoğlu demişdir: “İslam hümməti onlar üçün bu cür təhqiramiz əməllərə dözməyəcəkdir”.
İranın təşəbbüsü ilə fevralın 14-də Ciddədə İKT-nin növbədənkənar iclası keçiriləcəkdir. İclasda təşkilatın üzvü olan 57 ölkənin nümayəndələri “islamın və müsəlmanların obrazlarının Qərbdə qorunması” strategiyasını müzakirə edəcəklər.
Bundan əvvəl İKT Avropa İttifaqını islama nifrətə görə cinayət məsuliyyəti nəzərdə tutulan qanun qəbul etməyə çağırmışdır. Təşkilatın bəyanatında deyilir: “İKT dövlətləri Avropa İttifaqından islama nifrətin təhlükəli təzahür kimi tanınmasını, ksenofobiya və antisemitizm hallarında olduğu kimi, islama nifrətə qarşı da eyni tədbirlər görülməsini gözləyirlər”.
Xatırladaq ki, təhqiramiz karikaturaların dərc edilməsi ilə əlaqədar ötən istirahət günləri Fransa, Almaniya, İspaniya, İsveçrə, ABŞ və Kanadada müsəlmanların etiraz nümayişləri keçirilmişdir. Nümayişlərdə minlərlə insan iştirak etmişdir.