Xəzər dənizi sahillərində suitilərin ölüm səbəbi araşdırılır
Bakı, 23 oktyabr, AZƏRTAC
Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumatın dərhal araşdırılmasına başlanılıb. Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələr aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Heyvanların cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib.
Dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitilərinin son illərdə sayının azalması barədə bir sıra tədqiqatçılar tərəfindən fikirlər səslənib. Lakin aparılan mütəmadi araşdırmalar göstərir ki, bu azalma Xəzər suitilərinin nəslinin tam olaraq kəsilməsi kimi təhlükədən xəbər vermir. Baxmayaraq ki, hələ 2001-2002-ci illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınmışdı. Həmin illərdə aparılan tədqiqatların nəticələrinə görə, Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmində immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinə yoluxması olmuşdu. Bu yoluxma kütləvi epidemiyaya səbəb olmuş və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnmişdi. Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, artıq bir neçə ildir, sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir.
Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən də dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.
Mütəxəssislər hesab edir ki, Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur. Bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda, yenə də suitilərin təhlükədə qalmasının göstəricisi sayıla bilər.
Suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr göstərib ki, leşlər haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlərdir. Təxminən iki həftə davam edəcək araşdırmalardan və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq.