“XƏZƏR-LƏNKƏRAN” KOMANDASI AZƏRBAYCAN KUBOKUNUN SAHİBİDİR
AZƏRTAC xəbər verir ki, mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər-Lənkəran” və “İnter” klubları arasında Azərbaycan kuboku uğrunda final oyunu keçirilmişdir.
Oyundan əvvəl stadionun qarşısında AFFA-nın aksesuarları (şərf, açarlıq, döş nişanı, qələm və s.) satışa çıxarılmışdır. Görüşdən öncə gənc ifaçılar konsert proqramı ilə çıxış etmişlər.
AFFA-nın sifarişi ilə İtaliyanın məşhur “G.D.E. Bertoni” şirkəti tərəfindən hazırlanmış yeni kubok stadiona gətirilmişdir. Şirkət futbol üzrə dünya çempionatı və Çempionlar Liqası kimi mötəbər turnirlərin kuboklarının müəllifidir.
Final görüşündən əvvəl Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Minlərlə azarkeşin maraqla izlədiyi final oyununda hər iki komanda kuboka sahib olmaq üçün inamla mübarizə aparmışdır. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci və ikinci hissəsində “Xəzər-Lənkəran” klubu hesabı açmağa daha yaxın olmuşdur. Lakin oyunun əsas vaxtında hesab açılmadığı üçün komandalar əlavə 30 dəqiqə də mübarizəni davam etdirməli olmuşlar. Əlavə vaxtdan layiqincə yararlanan “Xəzər-Lənkəran” komandasının hücumçusu O.Juninyo rəqib komandanın qapısından 2 cavabsız top keçirməyə nail olmuşdur.
Beləliklə, final qarşılaşması 2:0 hesablı nəticə ilə cənub təmsilçilərinin xeyrinə başa çatmışdır.
Oyunu Almaniyadan gəlmiş hakimlər briqadası - baş hakim Manuel Qrafe və onun köməkçiləri Mark Borş, Harald Sath idarə etmişlər.
######
![]() |
![]() |
![]() |
![]() |



