XƏZƏRİN DƏNİZ MÜHİTİNİN MÜHAFİZƏSİNƏ HƏSR OLUNMUŞ BİRİNCİ BAKI KONFRANSININ İŞTİRAKÇILARINA
Hörmətli Konfrans iştirakçıları!
Sizi - Xəzərin dəniz mühitinin mühafizəsinə həsr olunmuş Birinci Bakı Konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.
Xəzər dənizi geostrateji mövqeyinə görə Azərbaycan və bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Böyük neft-qaz yataqlarına malik Xəzər regiondakı ölkələrin iqtisadi dirçəlişində xüsusi rol oynayır. Karbohidrogen ehtiyatlarının intensiv işlənməsi şəraitində dənizin flora və fauna zənginliyinin qorunması, ekoloji vəziyyətinin yaxşılaşdırılması bizim daimi diqqətimizdədir.
Konfransınızın gündəliyinə daxil olan problemlərin aktuallığı və ciddiliyi onların həlli üçün region ölkələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi biomüxtəlifliyin qorunub saxlanması və təbii ehtiyatlardan səmərəli istifadə olunması məqsədi ilə Xəzəryanı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Xəzərin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının bütün Xəzəryanı dövlətlər tərəfindən imzalanması onların Xəzər dənizinin mühafizəsi istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduqlarını nümayiş etdirir.
Ümidvaram ki, konfransınız qarşıda duran məsələlərin həlli naminə Xəzəryanı dövlətlərin öz səy və imkanlarını birləşdirmələri üçün yeni təkan verəcək, dəniz mühitinin mühafizəsində maraqlı olan bütün tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və region ölkələri xalqlarının qarşılıqlı münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2007-ci il.