SİYASƏT
XİN: Azərbaycan Ermənistanın qonşularına qarşı ərazi iddialarından çəkinəcəyini gözləyir
Bakı, 10 oktyabr, AZƏRTAC
Sentyabrın 20-də ölkəmizin ərazisindən erməni silahlı qüvvələrinin və Ermənistanın yaratdığı separatçı rejimin qalıqlarını təmizlədikdən sonra bölgədə sülh üçün böyük imkanlar yarandığını dəfələrlə bəyan edən Azərbaycan, eyni zamanda, Ermənistanın ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarından və müdaxilədən çəkinəcəyini gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “Birinci kanal”a müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.
“Azərbaycanın guya “Avropa Siyasi Birliyi”nin Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin ölkəmizin sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabrından etibarən Ermənistanın heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik. Ermənistandan fərqli olaraq, Azərbaycan Ermənistanın uzun müddət heç bir rəy vermədiyi sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olduğu, bütün platformalarda hər bir vasitəçinin səylərinə daim hörmətlə yanaşdığı hər kəsə məlumdur”, - deyə açıqlamada qeyd olunub.