XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ ANILMIŞDIR
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Haluk İpək iclasda çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən və 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən insanlığa qarşı törədilmiş ən qəddar qətliamdan ətraflı söhbət açmışdır. O, Xocalı faciəsi zamanı 613 azərbaycanlının öldürüldüyünün, uşaqların, qocaların və hamilə qadınların vəhşicəsinə qətlə yetirildiyinin erməni tarixçisi Davud Telyanın kitabında ətraflı təsvir olunduğunu bildirmiş və bu soyqırımının bütün türk dünyasının faciəsi olduğunu vurğulamışdır. Haluk İpək Xocalı qətliamının ermənilərin dövlət səviyyəsində apardıqları işğalçılıq və soyqırımı siyasətinin məntiqi davamı olduğunu, habelə işğal altındakı Azərbaycan ərazilərində mədəni və tarixi abidələrin dağıdıldığını və talan edildiyini diqqətə çatdırmışdır. Haluk İpək Xocalı soyqırımını bütün dünyanın tanımasının zəruriliyini vurğulamışdır.
Türkiyə parlamentinin Ana Vətən Partiyasından olan deputatı Dursun Akdemir Xocalı qətliamını törətmiş ermənilərin gec-tez tarix və insanlıq qarşısında cavab verəcəklərini bildirmiş və demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır. O, hamını Heydər Əliyev Fondu və Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankaradakı Estraqon qalasında Xocalı soyqırımı ilə əlaqədar təşkil olunmuş sərgiyə dəvət etdi.