Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Maliyyə Nazirliyində anım tədbiri keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Maliyyə Nazirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan maliyyə nazirinin müavini Azər Bayramov Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər dəhşətli qətliamlardan danışıb. Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti Ermənistanın hərbi təcavüzünün ən qanlı səhifəsidir və 33 il keçməsinə baxmayaraq, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub.
Qeyd olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilərək, Xocalı həqiqətlərinin dünyaya və beynəlxalq aləmə çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb.
A.Bayramov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatında tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. Artıq bu gün Xocalıda bərpa və yenidənqurma işləri aparılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, Xocalı yenidən dirçəlir.
Vurğulanıb ki, Xocalı qətliamının dünya dövlətləri tərəfindən tanınması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işləri aparılır.
Çıxış edənlər Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını, bu gün Azərbaycanın iradəsi, qətiyyəti, siyasi mövqeyi nəticəsində bu cinayəti törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycan qanunvericiliyi ilə mühakimə olunduqlarını, hakim qarşısında, beynəlxalq hüququn normaları çərçivəsində cavab verdiklərini və öz layiqli cəzalarını alacaqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.