Xocalı soyqırımı bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsidir
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təsdiq edilmiş tədbirlər planına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsində keçirilən anma mərasimində 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən Azərbaycan xalqına, eləcə də insanlığa qarşı törədilmiş ən qəddar və amansız soyqırımı qurbanlarının xatirəsi anılıb.
Çıxış edənlər şəxsi heyətə faciənin əsl mahiyyəti haqqında məlumat verib, xatirələrini bölüşüblər. Vurğulanıb ki, bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi olan Xocalı soyqırımı erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayətdir.
Tədbir Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyası tərəfindən hazırlanan “Xocalı” filminin nümayişi ilə başa çatıb.