Xocalı soyqırımı ilə əlaqədar Koreya parlamentinin binası önündə veloyürüş keçirilib
Seul, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Seul şəhərinin mərkəzində - Koreya Milli Assambleyasının və ölkənin qabaqcıl media şirkətlərinin yerləşdiyi “Yeouido” adlı ərazidə veloyürüş təşkil edilib.
Səfirliyin əməkdaşlarının, “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı üzvlərinin, elədə də koreyalı və əcnəbi tələbələrin iştirak etdikləri veloyürüşün məqsədi Koreya ictimaiyyətinin diqqətini Xocalı həqiqətlərinə cəlb etmək olub.
Yürüş zamanı Xocalı soyqırımına dair şəkillərin əks olunduğu köynəklər geyinmiş iştirakçılar səfirlik tərəfindən Xocalı faciəsinə dair Koreya dilində hazırlanmış müxtəlif təbliğat materiallarını Seul sakinlərinə paylayıblar.
Xocalı soyqırımı barədə Koreya ictimaiyyətini geniş məlumatlandırmaq məqsədi ilə, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Heydər Əliyev Fondunun və Rusiyada yaşayan həmvətənlərimizin Xocalı hadisələrinə dair hazırladıqları videoçarxları Koreya dilinə tərcümə edərək ölkənin internet portallarında, eləcə də sosial şəbəkələrdə yerləşdiriblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul