Xocalı soyqırımına həsr edilmiş kitablar təqdim olub
Bakı, 24 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yaziçilar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin Xocalı soyqırımına həsr edilmiş “Kişilik səngəri” və “Uçurulmuş sədlər” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca Xocalı faciəsinin dəhşətlərindən, bu faciənin günahkarlarının hələ də öz layiqli cəzalarını almamasından söz açıb.
Bildirib ki, Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli siyasi-hüquqi qiymət verilməyənə qədər harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu dəhşətli faciəni dünyaya tanıtdırmaq üçün səylərini əsirgəməməlidir.
Bildirilib ki, “Uçurulmuş sədlər” kitabında müəllif son 20 ildə baş verən hadisələri, əsasən Qarabağ və onun ətrafında yerləşən rayonların işğal olunması, bu ərazilərdə yaşayan və son nəfərinədək qovulub, torpağından didərgin salınan insanların həyatını bədii obrazlarla canlandırıb.
Kitabda yer alan “Uçurulmuş sədlər” romanını və “Xocalı xatirələri”, “Ahın dağlara, ay həkim”, “Qatilin məhkəməsi”, “Yuvasız quşlar” kimi hekayələri həyəcansız oxumaq mümkün deyil.
Həmçinin “Kişilik səngəri” kitabında dərc edilmiş “Təndir yarası”, “Kişilik səngəri”, “Bir çanaq un” və digər hekayələrdə erməni vəhşilərinin törətdikləri dəhşətlər təsvir olunub.
Oxucuda dərin kədər və ağrı hissi oyadan kitabların redaktoru, ədəbiyyatşünas Gülxani Pənah, akademik Teymur Bünyadov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, tənqidçi Əsəd Cahangir və başqaları Xocalı soyqırımının 2 əsrdən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin nəticəsi olduğunu bildiriblər.
Sonda kitabların müəllifi S.Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.