Xocalı soyqırımına Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib
Bakı, 24 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “İstiqlaliyyət 6” ünvanında yerləşən ərazi partiya təşkilatı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımına Heydər Əliyev tərəfindən siyasi hüquqi qiymətin verilməsi” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov çıxışında Xocalı soyqırımının təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün dərin iz buraxmış bir faciə olduğunu vurğulayıb. O, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini diqqətə çatdırıb. Ümummilli Liderin apardığı diplomatik fəaliyyət sayəsində Xocalı soyqırımının bir çox dövlətlər tərəfindən tanındığını bildirən Ş.Əsgərov bu siyasətin Azərbaycanın haqq mübarizəsinin dünyaya çatdırılmasında mühüm addım olduğunu deyib. O, Xocalı faciəsinin qurbanlarının qanının yerdə qalmadığını, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Xocalının işğaldan azad edildiyini bildirib.
Sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov qanlı faciənin tarixindən, ağır nəticələrindən danışıblar. Çıxış edənlər 1992-ci ildə törədilmiş qanlı cinayətə yalnız 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini və 26 fevralın “Xocalı soyqırımı və milli matəm günü” elan olunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutur.
Tədbirdə Xocalı faciəsinin törədilməsi, bu cinayətə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin çıxışlarının yer aldığı videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.