Xoş ətirli reyhanın şəfaverici gücü
Bakı, 28 avqust, AZƏRTAC
Reyhan bitkisi milli mətbəximizin ayrılmaz tərkib hissəsi və salatlarda ən çox istifadə olunan göyərtilərdən biridir. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur.
AZƏRTAC xəbər verir ki, hazırda reyhanın ətirli, adi, yevgenol və nanəyarpaq növlərindən daha çox istifadə olunur.
Ölkəmizdə daha çox istifadə olunan adi reyhan ətirli və ədviyyəli xüsusiyyətə malikdir, xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. Reyhan universal otlardan biridir, ondan həm ayrıca istifadə edilir, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərin tərkibinə qatılır. Reyhan ətirli olduğuna görə termiki təsirə məruz qalmır və onu həm soyuq, həm də isti xörəklərə qatırlar. Qurudulmuş reyhan bağlı qablarda 3-6 ay, təzə reyhan isə soyuducuda bir həftəyə qədər təravətini saxlayır.
Reyhandan alınmış efir yağını pambığa hopdurub ağrıyan dişin üzərinə qoyub, ağzını aradan qaldırırlar. Bitkinin yarpaqlarını su ilə təmiz yuyub plastr kimi dəri səpmələrinin üzərinə yapışdırıb müalicə edirlər. Ağır fiziki və zehni iş zamanı yorğunluğu aradan qaldırmaq üçün reyhanın vannasından istifadə etməyi məsləhət görürlər.
Sağlamlıq üçün reyhanın çox böyük əhəmiyyəti var. Onun yarpaqlarından hazırlanan duru ekstrakt qanda protrombinin miqdarını artırır və qanın laxtalanmasını sürətləndirir. Xalq təbabətində reyhanın meyvələrindən dəmlənmiş çay soyuqdəymədən əmələ gələn sinə ağrılarında yumşaldıcı təbii vasitə kimi qəbul edilir. Reyhan yarpaqlarının çayı ürəyi qüvvətləndirmək, dəmləməsi isə mədənin fəaliyyətini və iştahanı artırmaq üçün içilir. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır, köp əleyhinə təsir göstərir. O həmçinin dərini canlandırır, aknelərə qarşı tətbiq olunur və sakitləşdirici təsir göstərir.
Yay aylarında reyhandan hazırlanan sərin kompot orqanizmdə serotonin hormonunu artırır. Sinir xəstəlikləri zamanı reyhan çayı çox faydalı təsirə malikdir. Həmin çay həm də qusma və ürəkbulanmanın qarşısını alır. Bitkidən istifadə edən zaman bir az ehtiyatlı olmaq lazımdır. Belə ki, reyhandan hipertoniya, qan laxtalanması yüksək olan xəstələrin qəbul etməsi məsləhət görülmür.