XRİTDX: Azərbaycan İƏT CERT-in “Texnika və texnologiya” sahəsinə yenidən rəhbərlik edəcək
Bakı, 13 mart, AZƏRTAC
Martın 12-13-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də təmsil olunduğu iclasda Xidmətin idarə rəisi Tural Məmmədov və bölmə rəisi Murad Balayev iştirak ediblər.
XRİTDX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2023-cü il üçün fəaliyyət planı üzrə görülmüş işlər müzakirə olunub, yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılıb. Həmçinin CERT quruculuğu zəif olan İƏT ölkələrinə texniki dəstək və quruculuq işlərində yardım məsələləri ilə bağlı təkliflər dinlənilib.
Təsdiq edilmiş illik fəaliyyət planına əsasən, Azərbaycan (CERT.gov.az) 2023-cü ilin fəaliyyət planında təkrar olaraq təşkilatın 4-cü strateji istiqaməti olan “Texnika və texnologiya” sahəsinə rəhbərlik edəcək.