İQTİSADİYYAT
Yanvarda ölkədən 15 milyon dollarlıq polietilen və polipropilen göndərilib
Bakı, 25 fevral, AZƏRTAC
Ötən ay Azərbaycandan 12 min 300 ton polietilen və 8 min ton polipropilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ay ərzində ixrac olunan polietilenin dəyəri 8 milyon 418 min ABŞ dolları, polipropilenin dəyəri isə 6 milyon 591 min dollar təşkil edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
“SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü isə 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanıb.