YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailələrinə baş çəkiblər
Bərdə, 10 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş Mirzalıbəyli kəndindən olan hərbi qulluqçuların ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalı hərbi əməliyyatlar zamanı şəhid olmuş Əli Məhərrəmovun, Cavid Tağızadənin, Elməddin Yusibovun, Əli Məmmədzadənin ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhidlərin keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açılıb, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsinin daim yaddaşlarda qalacağı bildirilib.
Şəhid ailələrinin bəzi problemlərinin həlli üçün köməklik göstərilib.