SİYASƏT
YAPONİYA AZƏRBAYCANDA İQTİSADİ SAHƏDƏ QAZANILMIŞ UĞURLARI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini diqqətə çarpdıran səfir Prezident İlham Əliyevin Yaponiya səfəri çərçivəsində keçiriləcək görüşlərin və imzalanacaq sənədlərin əlaqələrimizin inkişafına böyük imkanlar yaradacağını bildirmişdir.
Müstəqilliyini bərpa etdikdən ötən dövr ərzində respublikamızın demokratik inkişaf yolunda uğurlu addımlar atdığını vurğulayan diplomat Yaponiya hökuməti və xalqının son vaxtlar Azərbaycanda iqtisadi sahədə qazanılmış nailiyyətləri də yüksək qiymətləndirdiyini demişdir: “Ötən il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsi 26 faizdən yuxarı olmuşdur. Bu, həqiqətən, böyük rəqəmdir”. Səfir hər hansı ölkədə iqtisadiyyatı inkişaf etdirmək üçün tələb olunan üç başlıca amilin - maliyyə dəstəyi, texniki və insan resurslarının Azərbaycanda mövcud olduğunu nəzərə çarpdırmışdır.
T.Abe iqtisadiyyatda neft sənayesinin üstünlük təşkil etdiyi Azərbaycanda hökumətin qeyri-neft bölməsinin inkişafı üçün həyata keçirdiyi tədbirlərin təqdirəlayiq hal olduğunu söyləmişdir. O, Yaponiyada keçiriləcək Yaponiya-Azərbaycan biznes forumunda, eləcə də hökumətlərarası komissiyanın iclasında da qeyri-neft bölməsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacağına, konkret razılaşma əldə olunacağına ümid bəslədiyini bildirmişdir.