YAPONİYA HÖKUMƏTİNİN XEYİRXAH TƏŞƏBBÜSÜ
Tikinti üçün Yaponiya hökuməti 92 min 420 dollar, Azərbaycan hökuməti isə 53 min dollar ayırmışdı.
Abşeron rayonu İcra hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxışında pedaqoji kollektivi, şagirdləri və valideynlərini yeni məktəbin açılışı münasibətilə təbrik etmiş, Yaponiyanın ölkəmizdəki səfiri və tikintinin təşəbbüskarı Tadahiro Abeyə xüsusi minnətdarlığını bildirmişdir.
Z.Fərəcov Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində Abşeron rayonunda aparılan böyük quruculuq işlərindən danışaraq vurğulamışdır ki, sentyabrın 12-də ümummilli liderimiz Heydər Əliyev muzeyinin və abidəsinin, şəhər parkının açılışında, habelə 1300 yerlik məktəb binasının özülünün qoyulmasında iştirak etmişdir.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov demişdir ki, bu məktəbin tikilməsi ulu öndər Heydər Əliyevin Yaponiyaya səfəri zamanı qoyulmuş səmərəli əməkdaşlığın daha bir parlaq nümunəsidir. “İnsanın təhlükəsizliyi və ot kökləri” proqramı çərçivəsində respublikamızda 32 məktəb tikilmişdir. Yaponiya səfirliyinin Azərbaycanda bu istiqamətdə fəaliyyəti misilsizdir.
Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe mərasim iştirakçılarına müraciətlə demişdir: “Mən çox şadam və fəxr edirəm ki, bu məktəbin açılışında sizinlə birlikdəyəm. Dövlətlərimizi böyük məsafə ayırır, lakin dostluğa sərhəd yoxdur”.
Səfir xatırlatmışdır ki, Yaponiya hökuməti Azərbaycanda həmin proqrama ölkəmizdə 2000-ci ildən başlamışdır. Bu müddət ərzində 4 milyon 679 min dollar məbləğində 74 layihə həyata keçirilmişdir. “Yaponiyanın inkişafa rəsmi yardımı” proqramı çərçivəsində isə Azərbaycana 700 milyon dollar məbləğində yardım göstərilmişdir.
Mərasimdən sonra qonaqlar yeni məktəblə tanış olmuşlar.
Məktəbin kollektivi minnətdarlıq əlaməti olaraq, səfirə əl ilə toxunmuş nəfis xalça bağışlamışdır.