Yaponiya ictimaiyyəti Ermənistanın vandalizm aktları barədə məlumatlandırılıb
Bakı, 19 aprel, AZƏRTAC
Yaponiya mediasında Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin Ermənistan tərəfindən törədilmiş təxribatları qətiyyətlə pisləməsi barədə məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin adından yapon ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatlarda Azərbaycan Ordusu əsgərlərinin hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib. Azərbaycan əsgərinə verilən işgəncədən cəmi bir gün sonra Ermənistanda ölkəmizə qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan növbəti vandalizm aktının - Azərbaycan Bayrağının yandırılmasının baş verdiyinə diqqət cəlb edilib.
Azərbaycan Bayrağına qarşı yolverilməz davranışın Ermənistanın baş nazirinin iştirak etdiyi mötəbər tədbirin yayımı zamanı həyata keçirildiyi, bu nifrət mühitinin təhlükəsizlik baxımından Azərbaycan atletlərinin yarışda iştirakını qeyri-mümkün etdiyi xüsusilə vurğulanıb.
Qeyd edilib ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmir.
Yaponiya azərbaycanlıları müvafiq beynəlxalq təşkilatlardan hər iki zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Soydaşlarımız beynəlxalq idman ictimaiyyətini etiraz səsini ucaltmağa, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə səsləyib.