Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin Vətən müharibəsinin ildönümü ilə bağlı məqaləsini yayıb
Tokio, 28 sentyabr, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” saytı AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Vüqar Ağayevin Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə bağlı məqaləsini yayıb.
Yapon dilində yayılan “Böyük və şanlı Qələbəyə aparan yol” sərlövhəli məqalədə ötən əsrin 90-cı illərində Ermənistanın xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həmin ərazilərin azad edilməsi istiqamətində həyata keçirdiyi dövlət siyasəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, böyük Zəfərə aparan yol məhz 1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayıb. Vurğulanır ki, Azərbaycan rəhbərliyi heç vaxt bu işğalla barışmayacağını, torpaqların azad edilməsi üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu daim bəyan edirdi. Lakin xarici havadarlarına, dünyadakı lobbisinə arxalanan Ermənistan bu torpaqlardan nəinki çıxmaq istəmədiyini, hətta yeni ərazilər ələ keçirmək iddiasında olduğunu bəyan etməkdən çəkinmirdi. Təbii ki, bu, belə davam edə bilməzdi. Ötən il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın böyük Zəfəri ilə başa çatdı.
Məqalədə Qələbəyə gedən yolun haradan və necə başladığına toxunan jurnalist böyük iqtisadi dirçəlişin, uğurlu beynəlxalq münasibətlər sisteminin qurulmasının, ən müasir silahlarla təchiz edilən Azərbaycan Ordusunun formalaşmasının, sağlam və vətənpərvər gəncliyin yetişdirilməsinin və nəhayət, milli birliyin yaranması və möhkəmlənməsi üçün Azərbaycan rəhbərliyi tərəfindən görülən işlərdən bəhs edir.
Vurğulayır ki, Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti yüksək intellekti, dünyagörüşü, beynəlxalq siyasəti, qanunvericiliyi və diplomatiyanı yüksək səviyyədə bilməsi ilə bütün dünyanı mat qoydu.
Qeyd edir ki, bunun nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycan xalqının qəlbindən sanki ağır daş kimi asılan torpaq həsrətinə son qoyulub. 44 gün davam edən Vətən müharibəsi məhz müdrik Sərkərdə İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə əməkdaşlıq çərçivəsində aparılan ordu quruculuğu, Azərbaycana münasibəti kökündən dəyişmiş beynəlxalq siyasət və özünü “dəmir yumruq” kimi göstərmiş xalq-iqtidar birliyi sayəsində Qələbə ilə başa çatdı.