Yaponiyanın Qumma prefekturasında meşə yanğınları baş verib
Tokio, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Yaponiyanın mərkəzi hissəsində yerləşən Qumma prefekturasındakı meşələrdə böyük yanğın baş verib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, yanğın geniş ərazini əhatə etdiyinə görə onun söndürülməsinə hərbi helikopterlər cəlb olunub. Alovun söndürülməsinə yanğınsöndürənlərlə yanaşı, polis və yerli könüllülər də cəlb edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub. Bir neçə evin də yanğından zərər çəkdiyi bildirilir.
Həmçinin qeyd edilir ki, hadisə nəticəsində 40 hektardan çox meşə sahəsi yanıb. Agentliyin məlumatına görə, quru ot yanğının sürətlə yayılmasına şərait yaradıb.
Hazırda alovun yayılmasının qarşısını almaq üçün qonşuluqdakı prefekturalardan hadisə yerinə qüvvələr cəlb olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio