Yaponiyanın Şiroi şəhərində Azərbaycan haqqında təqdimat maraqla qarşılanıb




Tokio, 21 noyabr, AZƏRTAC
Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilən tədbirlər çərçivəsində Yaponiyanın Çiba prefekturasının Şiroi şəhərində ölkəmiz haqqında təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər, digər sahələrlə yanaşı, turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib. Azərbaycan -Yaponiya münasibətlərindən danışan səfir regionlar arasında əməkdaşlığın iki ölkə arasında əlaqələrin genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb.
Cari ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan səfir tərəflər arasında, xüsusən iqtisadi sahədə qazanılan uğurlardan danışıb, habelə Prezident İlham Əliyev və Yaponiyanın Baş naziri Şinzo Abe arasında təbrik məktublarını vurğulayıb.
Tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, enerji strategiyası, sənaye, kənd təsərrüfatı, turizmin inkişafı haqqında geniş məlumat verilib. Azərbaycanın Cənubi Qafqazın ən böyük dövləti olduğu, region iqtisadiyyatının 70 faizinin məhz burada cəmləşdiyi vurğulanıb.
Ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlərdən danışan səfir Azərbaycanda qədim və zəngin mədəniyyətlə yanaşı, yeni yolların, müasir tələblərə cavab verən mehmanxanaların inşa edildiyini qeyd edib, bu sahənin sürətli inkişafında ölkəmizin maraqlı olduğunu bildirib.
Bundan əlavə, Azərbaycanda biznes mühitinin xarici investorlar üçün çox rahat və cəlbedici olduğu vurğulanıb, yapon iş adamları Azərbaycana investisiya yatırmağa dəvət edilib.
Tədbir iştirakçılarının ölkəmizlə bağlı sualları ətraflı cavablandırılıb.
Tokioda yaşayan həmyerlimiz Dilarə Qazıyevanın ifa etdiyi milli rəqslərimiz alqışlarla qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio