Yasamal rayonunda ölümlə nəticələnən dava ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 7 may, AZƏRTAC
Ötən il noyabrın 26-da paytaxtın Yasamal rayonu ərazisində Əliyev Əli Calal oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yasamal Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, istintaqla müəyyən edilib ki, həmin tarixdə Həsənağa Abdullayev dostu Elvin Şəmmədov ilə birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları - Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev və Eltac Rəsulov ilə Yasamal rayonu 2-ci Alatava ərazisində görüşüblər. Bu zaman Həsənağa Abdullayev cüzi mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Əli Əliyevə xəsarətlər yetirərək qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edən şəxslərin üzərinə doğru hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri törədib.
Həsənağa Abdullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri, Elvin Şəmmədov isə 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.