Yeni çağırışlara cavab və qlobal dialoq platforması - ŞƏRH
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, təkcə tarixi və mənəvi əhəmiyyəti ilə deyil, eyni zamanda, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ilə də diqqət çəkir. Bu baxımdan, Şuşa Qlobal Media Forumu müasir dövrün çağırışlarının müzakirə olunduğu, beynəlxalq əməkdaşlığı möhkəmləndirən və dialoqu təşviq edən nüfuzlu platforma kimi formalaşıb.
Şuşa Media Forumu qlobal miqyasda sülh, təhlükəsizlik, davamlı inkişaf, beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqu dəstəkləyən bir platformadır. Forumun əsas məqsədi müxtəlif ölkələrdən olan siyasətçiləri, alimləri, jurnalistləri, ictimai xadimləri və gənc liderləri bir araya gətirərək aktual problemləri müzakirə etmək, yeni ideyaların formalaşmasına şərait yaratmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva səsləndirib.
Builki Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiklərini xatırladan deputat deyib ki, müxtəlif panel sessiyalarda dünyanın qarşısında duran çağırışlar – iqlim dəyişikliyi, süni intellektin təsiri, münaqişələrin həlli, gənclərin rolu və informasiya təhlükəsizliyi kimi mövzular müzakirə olunub.
Forumun məhz Şuşada təşkili rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış bu qədim şəhər Azərbaycan dövlətinin siyasi iradəsi və xalqımızın əzmi nəticəsində azad olunaraq yenidən dirçəlir. Şuşada keçirilən beynəlxalq tədbirlər həm Azərbaycanın sülhsevər siyasətinin, həm də ölkəmizin regionda sabitliyin bərqərar olmasına verdiyi töhfənin göstəricisidir.
Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan beynəlxalq miqyasda mühüm təşəbbüslərlə çıxış edən və qlobal problemlərin həllinə fəal qoşulan dövlətdir. Bu Forum gələcəkdə də mühüm ideyaların müzakirə olunduğu, beynəlxalq əməkdaşlıq üçün vacib imkanlar yaradan məkan olaraq qalacaq.
J.Əliyeva vurğulayıb ki, Şuşanın tarixi mirası və çağdaş inkişafı fonunda keçirilən bu Forum həm də dünyaya ölkəmizin sülh, əməkdaşlıq və bərpa ruhunu çatdırır. Bu ruh isə XXI əsrin qlobal çağırışlarına cavab vermək üçün ən vacib amillərdən biridir.
Şuşa Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı və iştirakçıların müxtəlif səpkili suallarına cavabları, əlbəttə ki, bu tədbiri bütün dünyanın diqqət mərkəzinə çevirdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinə Azərbaycan dövlətinin sülh, sabitlik, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətini bir daha çatdırdı.
Böyük Zəfər və postmünaqişə dövrü haqqında da danışan Prezident İlham Əliyev dedi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək ərazi bütövlüyünü təmin edib. Xüsusi qeyd olundu ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Qarabağda suverenliyini tam bərpa edib və orada heç bir separatçı struktur mövcud deyil.
Qarabağ məsələsinin artıq tarixə qovuşduğunu söyləyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, münaqişədən sonrakı dövrdə regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb və Azərbaycan bu imkanlardan səmərəli istifadə etmək niyyətini ortaya qoyaraq bölgədə davamlı sülhün bərqərar olması üçün çalışır.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına sadiqdir və bu istiqamətdə konkret təkliflər irəli sürüb. Lakin Ermənistan tərəfi bəzi məqamları gecikdirir. Dövlətimizin başçısı dedi: "Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik”.
Deputat vurğulayıb ki, AZAL təyyarəsinin qəzaya uğraması haqqında da danışan Prezident bu məsələyə xüsusi diqqət çəkdi, bizim təyyarəni vuranlar cəzalandırılmalı, ailələrə, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməli olduğunu diqqətə çatdırdı.
“Dövlətimizin başçısı Forumun əsas mövzusu olan “Rəqəmsal keçid və media dayanıqlılığı”na toxunaraq qeyd etdi ki, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq vacibdir. Azərbaycan hökuməti media savadlılığının artırılması, sosial şəbəkələrin tənzimlənməsi və süni intellektin informasiya yayımında rolu kimi məsələlərə ciddi yanaşır. Dezinformasiyanın yayılmasında sosial media əsas vasitəyə çevrilib. Bu, təkcə milli yox, qlobal problemdir”, - deyən Jalə Əliyeva əlavə edib ki, Prezident İlham Əliyevin yeni çağırışlara cavab və qlobal dialoq platforması səciyyəsi daşıyan Şuşa Qlobal Forumundakı çıxışı və suallara verdiyi cavablar aydın siyasi vizyonun, prinsipial mövqenin və gələcəyə yönəlik strateji baxışın növbəti bariz ifadəsi oldu.
Deputatın sözlərinə görə, beynəlxalq arenadakı rolumuzun artmasının təkzibedilməz amilinə çevrilən Forumda Azərbaycan öz rəhbərinin iradəsi ilə bir daha bütün dünyaya bəyan etdi ki, qlobal dialoqda bundan sonra da fəal iştirak edəcək. Sülh, əməkdaşlıq və dayanıqlı inkişaf gələcəkdə də Azərbaycan diplomatiyasının əsas prioriteti olacaq.