Yeni kataloq: “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında”
Bakı, 13 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı daha bir kataloqu nəşr olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kataloqun elmi redaktoru muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov, müəllifi Köməkçi tarixi fənn materialları fondunun müdiri dosent Sənubər Qasımovadır. Xatirə medalları tarixi yaddaşı qoruyan, tarixi hadisələri metal salnamədə əks etdirən qiymətli mənbədir. Tanınmış şairlərin, yazıçıların, alimlərin, siyasətçilərin, bəstəkarların, rəssamların yubileylərinə həsr olunan medallar medalyerlərin yüksək ustalığı nəticəsində yaranmış əsl incəsənət nümunələridir.
Kataloqda muzeyin Köməkçi tarixi fənn materialları fondunun zəngin kolleksiyasında qorunan və Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan xatirə medalları təqdim edilir. Qeyd olunur ki, XX əsrin ikinci yarısında portret janrı medalyer sənətində əsas yer tuturdu. İlk vaxtlarda portretlər üzərində işləyərkən ənənəvi akademik yapma üslubuna üstünlük verilirdi. Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretlərini yaradan medalyerlər Şərq incəsənətinə xas olan motivlərdən yararlanaraq, personajların mənəvi dünyasını dərindən, bütün incəlikləri ilə verməyi bacarıblar.