YENİ MÜSTƏQİL AZƏRBAYCAN ULU ÖNDƏRİMİZİN ŞAH ƏSƏRİDİR
Dəyirmi masanı Hüquq Tədris Mərkəzinin direktor müavini, baş ədliyyə müşaviri İlham Abbasov açmış, ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dəyirmi masada Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, deputat Fəzail Ağamalı və başqaları çıxış edərək, Heydər Əliyev şəxsiyyəti, onun Azərbaycanın sosial-iqtisadi inkişafında rolu barədə ürək sözlərini bildirmişlər.
Tədbirin iştirakçıları Heydər Əliyevin Azərbaycanın inkişafı, milli dövlət quruculuğu, cəmiyyətimizdə demokratik dəyərlərin bərqərar olunması və xalqımızın rifahının yüksəldilməsi sahəsində misilsiz xidmətlərini qeyd etmiş, müdrik dövlət xadimi və dünya miqyaslı siyasətçi kimi fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş fikir mübadiləsi aparmışlar. Bildirilmişdir ki, mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə, Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır.
Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq, yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Natiqlər daha sonra qeyd etmişlər ki, Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir.
Qeyd edilmişdir ki, İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın firavanlığı, müstəqilliyimizin möhkəmləndirilməsi naminə cəmiyyətimizin hər bir üzvünün sabahkı günə inamını daha da artırır.