Yeni təyin olunmuş direktorlar üçün təlimlərə başlanılıb
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlar və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçmiş namizədlər üçün təlimlərə başlayıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təlimlərin ilk günündə təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəbin kommunikasiya üslubu, məktəb rəhbərinin ictimai nüfuzu, media və sosial şəbəkələrlə iş, vətəndaş məmnunluğu, kargüzarlıq, sənədlərlə iş və digər müvafiq mövzularla bağlı əsas istiqamətlərə dair yanaşmalar nəzərə çatdırılıb.
Daha sonra təlim iştirakçılarına müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Təlimlər digər müvafiq istiqamətlər üzrə davam etdirilir.