CƏMİYYƏT
Yeni Yaşma qəsəbəsinin sakinləri tibbi müayinədən keçiblər
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da iki minə yaxın Qərbi azərbaycanlının məskunlaşdığı Xızı rayon Yeni Yaşma qəsəbəsində TƏBİB və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə sakinlər üçün tibbi müayinə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, TƏBİB-in tabeliyində olan və müxtəlif profilli həkimlərdən ibarət tibb briqadaları və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəal həkim üzvləri Yeni Yaşmada məskunlaşmış yaş qruplarından olan qaçqınlar üçün səyyar tibbi müayinə həyata keçiriblər.
Layihəyə İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və TƏBİB-in Ana və Uşaq Sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova rəhbərlik ediblər. Deputat belə bir humanist layihənin həyata keçirməsini Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əhalinin sağlamlığının mühafizəsi sahəsində gördüyü işlərin məntiqi davamı kimi qiymətləndirib.
Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, nevropatoloq, pediatr, oftalmoloq, cərrah, həkim-funksional diaqnostlardan ibarət tibbi heyət tərəfindən sakinlərə tibbi baxış keçirilib. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə müvafiq tövsiyə və məsləhətlər verilib. Bütün tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilib. Müayinələrdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova və TƏBİB nümayəndələri, eyni zamanda, “Universal” hospitalın oftalmoloqlardan ibarət tibb heyəti də fəal iştirak ediblər.
Qəsəbə sakinləri müayinələrdən məmnunluqlarını ifadə edib, bu cür təşəbbüslərin davamlı olacağına ümidvarlıqlarını bildirib, Qərbi Azərbaycana qayıdışı böyük inam və ümidlə gözlədiklərini diqqətə çatdırıblar.
Müayinələrdən sonra isə tədbir təşkilatçıları Yeni Yaşma qəsəbəsində yaşayan şəhid ailələrinə baş çəkiblər. Ziyarətlər zamanı şəhid ailələrinə müxtəlif sovqatlar təqdim olunub.
Qərbi Azərbaycan İcmasının və TƏBİB-in təşkil etdiyi tibbi müayinə aksiyası təkcə sağlamlıq tədbiri deyil, həm də həmrəylik nümunəsi olmaqla yanaşı, qəsəbədə yaşayan hər bir sakin üçün dəstəyi və bağlılığı simvolizə edib.
Qeyd edək ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda doğma yurdlarını tərk etmək məcburiyyətində qalan minlərlə soydaşımızın bir qismi Abşeron rayonunun Yeni Yaşma qəsəbəsində məskunlaşıb.