Yeni Zelandiya koronavirusa qarşı ilk peyvəndi bəyənib
Tokio, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Yeni Zelandiyanın dərman vasitələrinin istifadəsini tənzimləyən təşkilatı “Pfizer” peyvəndini koronavirusa qarşı vasitə kimi bəyənib. Bu, həmin ölkədə pandemiyaya qarşı istifadə üçün bəyənilən ilk peyvənddir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Yeni Zelandiya hökuməti ABŞ-ın “Pfizer Inc.” farmasevtik nəhənginin və Almaniyanın “BioNTech SE” şirkətinin birlikdə hazırladığı peyvəndin martın sonlarında ölkəyə gətiriləcəyini bəyan edib. Bildirilir ki, həmin peyvənd ilkin olaraq tibb işçilərinə və sərhəd xidmətinin əməkdaşlarına vurulacaq.
Bununla əlaqədar Baş nazir Casinda Ardernin verdiyi bəyanatda deyilir: “Hazırda Yeni Zelandiya xəstəliyin geniş yayılmaması və COVID-19-un ötürülməmsəi ilə bağlı əlverişli mövqeyə malikdir. COVID-19 virusuna yoluxma ehtimalı daha çox olan insanlar peyvəndi ilkin olaraq alacaqlar. Cəmiyyətin daha geniş təbəqəsi isə ilin ikinci yarısından başlayaraq peyvənd olunacaq”.
Yeni Zelandiyada 16 yaşdan yuxarı şəxslər üçün peyvəndlənmə 21 günlük fasilə ilə iki mərhələdə həyata keçiriləcək.
Əlavə olaraq qeyd edək ki, Yeni Zelandiya hökuməti koronavirusa qarşı peyvəndin ölkəyə gətirilməsi üçün daha üç şirkətlə danışıqlar aparır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio