Yenidən qurulacaq Muğanlı-İsmayıllı-Qəbələ yolunun eni 17 metr olacaq
Bakı, 6 aprel, AZƏRTAC
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun birinci lotunda sürüşmə sahələri var, maililik olduqca çoxdur. Ona görə də maşınların qışda hərəkəti çox çətin olur. Layihə variantını seçəndə həmin ərazidən yan keçməklə, həm də Ağsu çayı üzərindəki körpünün hündürlüyünü qaldırmaqla irəlilədik. Ondan sonra qarşıya meşəliklə əhatə olunan böyük dağ çıxırdı. Ekologiyaya mənfi təsir etməmək üçün dağı tunellə keçdik. Bunun hesabına birinci lotda 2.5 hektar meşə ərazisi tikinti altına düşmədi.
AZƏRTAC xəbər verir ki, bunu "Gidrotransproyekt" Elmi-Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi üzrə təşkil olunan ictimai dinləmədə deyib.
N.Əliyev bildirib ki, yolun ümumi magistral hissəsi dörd rayondan keçir: Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ. Mövcud yolun eni 9-10 metr aralığındadır. Yolun texniki vəziyyəti də kafi deyil. Bununla əlaqədar olaraq hərəkət təhlükəsizliyi baxımından maneələr var, hərəkətin təhlükəsizliyi tam təmin olunmayıb. Region turizm baxımından çox əlverişlidir: "Regionun turistik məkanlarına, o cümlədən rayon mərkəzlərinə təhlükəsiz çatmaq üçün yolun normalara uyğun geniş olması çox önəmlidir. Odur ki, ikizolaqlı yolun dördzolaqlı yola genişləndirilməsi layihəsini hazırlamışıq. Normalara görə dördzolaqlı yolun eni 25 metr olmalıdır. Yolun sağ və solunda meşə əraziləri var, o cümlədən genişlənmə nəticəsində Şahdağ Milli Parkının, bələdiyyə torpaqlarının ərazisinə keçid olur. Bu zaman ətraf mühitə mənfi ekoloji təsirlər çox olur. Nazirlər Kabinetinin 319 saylı Qərarına əsaslanaraq xüsusi hallarda icazə verilən normalara uyğun olaraq müvafiq qurumlarla razılaşdırmaqla yolun enini 17 metr qəbul etdik. Yəni yolun eni normadan 8 metr az olacaq.
Tikinti altına düşən ağaclar da sayıldı. Layihə altına düşən ağacların sayını azaltmaq üçün digər alternativləri də araşdırdıq. Mövcud yoldan cənub istiqamətdə iki alternativə də baxdıq. Bu zaman meşə əraziləri ilə yanaşı, əkin sahələri də layihə altına düşürdü. Dövlət Ekoloji Ekspertiza Agentliyinə variantlarımızı da təqdim etdik və göstərdik ki, ən effektiv üsul mövcud yolun genişləndirilməsidir".