YER KÜRƏSİNDƏ HƏR KƏSİN DAMARLARINDA, ZƏRRƏ QƏDƏR DƏ OLSA, AFRİKALI QANI AXIR
Ötən əsrin 1980-1990-cı illərində genetiklər Afrika, Avropa, Asiya, Avstraliya və Yeni Qvineyadan olan müxtəlif irqlərə məxsus adamların DNT tiplərini təsvir etmişlər və bu qruplar üçün səciyyəvi DNT əlamətləri əsasında mutasiyalar aşkara çıxarılmışdır.
Alimlər DNT zəncirində nukleotidlərin əvəzlənməsinin sayına görə insan qruplarının qohumluq dərəcəsini hesablayaraq, bəşər övladının təkamül şəcərəsini qurmuşlar. Bu şəcərədən görmək olar ki, Afrika qolu ümumi gövdədən daha tez ayrılmışdır və deməli, insanın ilk vətəni məhz Afrikadır.
Hər şey öz başlanğıcını təxminən 200 min il əvvəl Qara qitədə yaşayan bir neçə yüz kişi və qadından ibarət ovçular dəstəsindən götürmüş və hazırda Yer kürəsinin 6,5 milyard sakini məhz onlardan törəmişdir.
Müasir adamların DNT-si bu qədim miqrasiyaların izlərini hifz etmişdir. Layihənin iştirakçılarından biri, genetik Spenser Vells demişdir: “İnsan qanının hər damlası genlərimizin dili ilə yazılan tarix kitabıdır. Yer kürəsinin bütün guşələrində yaşayan fərdlərdə insanın genetik kodu, yaxud genomu 99,9 faiz eynidir. Yalnız qalan 0,1 faizi gözlərimizin rəngi və ya hər hansı xəstəliyə meyillilik kimi fərdi xüsusiyyətlərimizə cavab verir”.
Qeyri-funksional olan bu zəncirlərdən birində təkamül prosesi zamanı arabir heç bir zərər gətirməyən təsadüfi mutasiya baş verir ki, bu da daşıyıcının nəsillərinə ötürülür. Əgər eyni mutasiya bir çox nəsillər sonra iki fərdin DNT-də özünü büruzə verirsə, belə qənaətə gəlmək olar ki, onların ümumi əcdadı var.
Bir qrup Amerika alimi belə qənaətə gəlməzdən əvvəl mindən çox tayfanın, habelə dünyanın hər yerindən 100 mindən çox adamın Milli Coğrafiya Cəmiyyətinə göndərilən qan nümunəsini öyrənmişdir. Bu testlər əhalinin hər bir qrupunu fərqləndirən genetik müxtəliflikdən xəbər verir.
Alimlər müxtəlif tayfaların markerlərini, mutasiyalarını, DNT-lərini müqayisə edərək, əcdadlarımızın tarixini bərpa etməyə başlamışdır. Kaliforniyadakı Berkli Universiteti alimlərinin ötən əsrin 80-ci illərində irəli sürdükləri “afrikalı Həvva” nəzəriyyəsi təsdiq olunmuşdur.
Alimlər hesablamışlar ki, hazırda bütün insanların 150 min il əvvəl Afrikada yaşamış yeganə qadınla, “mitoxondrial Həvva” ilə qohumluq əlaqələri var. O, həmin epoxada yaşamış yeganə qadın deyildir, lakin alimlər haqlıdırlarsa, bütün bəşəriyyət başlanğıcını məhz bu qadından götürür. Tezliklə ümumi atamız - “Y xromosomlu afrikalı Adəm” də aşkara çıxarılmışdır.
Genetik Kennet Kidd demişdir ki, çox qədim zamanlarda, 50-70 min il əvvəl Afrikadan kiçik miqrasiya dalğası Qərbi Asiya sahillərinə gəlib çatmışdır. İndi Afrika irqinə mənsub olmayan adamların genetik markerlərində min nəfərdən ibarət bu köçkün qrupunun daşıdığı genlər var. Dünyanın qalan hissəsinin genetik irsi Afrika tipinin yarımqrupudur.
Hazırda alimlərin ixtiyarında olan genetik məlumata görə, adamlar Asiyada ayrılmışlar: onların bir hissəsi Yaxın Şərqdə qalmış, digər hissəsi isə Ərəbistan yarımadası sahilləri ilə Hindistana və daha uzaqlara irəliləməyə başlamışdır. Çox güman, irəliləyiş nəzərəçarpan olmamışdır. Lakin ayaqla və ya qayıqlarda kiçik yerdəyişmələr minilliklər ərzində davam etmişdir. Bu gün əminliklə deyə bilərik ki, insan Cənub-Şərqi Avstraliyada 45 min il əvvəl məskunlaşmışdır.