YERLİ MƏHSULLARIN AVROPAYA İXRACI İMKANLARI GENİŞLƏNİR
Qurumun məsul işçilərinin, ölkəmizdən Avropaya məhsul ixracı imkanları geniş olan müəssisələrin rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov açaraq, Azərbaycanın ixrac potensialının artırılmasının həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən olduğunu vurğulamış, bu sahədə görülən işlər barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycanda sahibkarlıq subyektlərinə dövlət qayğısı ildən-ilə artırılır və sahənin inkişafı ölkəmizin ixrac potensialının artmasında mühüm rol oynayır.
Nazir müavini xatırlatmışdır ki, 2005-ci ildə Azərbaycandan 4,3 milyard ABŞ dolları məbləğində məhsul ixrac olunmuşdur. Qeyri-neft məhsullarının ixracı 2004-cü illə müqayisədə 59,2 faiz artaraq 1,04 milyard ABŞ dolları təşkil etmişdir. 2006-cı ilin yanvar-iyul aylarında isə təxminən 2,9 milyard dollar məbləğində məhsul ixrac olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Natiq qeyd etmişdir ki, məhsullarımızın dünya bazarına, o cümlədən Avropaya çıxarılmasının Azərbaycanın iqtisadi sahədə yüksəlməsinə, müəssisələrin istehsal imkanlarının genişləndirilməsinə də müsbət təsir göstərir. Buna görə də, istehsal müəssisələrində məhsulun keyfiyyətinə ciddi yanaşılmalıdır.
İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Xaliq Məmmədov, Mərkəzin mütəxəssisləri, müəssisələrin rəhbərləri çıxış edərək, ixrac olunan məhsulların keyfiyyəti ilə bağlı fikir və təkliflərini bildirmişlər.
Elmi-praktiki seminarda əhalinin keyfiyyətli yeyinti məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də ölkəmizin ixrac potensialının genişləndirilməsi məqsədi ilə bu sahədə səlahiyyətli orqanın - İqtisadi İnkişaf Nazirliyinin və müəssisələrin üzərinə düşən vəzifələr barədə geniş müzakirələr aparılmışdır.