Yığmanın üzvü: Arzularımızın reallaşması üçün əla fürsət var
Bakı, 30 dekabr, AZƏRTAC
“Azərbaycan millisinin hazırkı heyəti təcrübəli və gənc oyunçulardan qurulub”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tatyana Deniskina deyib.
AVRO-2025-in seçmə mərhələsində Belçika ilə matçda Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq qızı Ancelina İsmayılova ilə birlikdə parket üzərinə çıxan 38 yaşlı oyunçu bunun böyük hadisə olduğunu bildirib: “Mən və qızım eyni komandada meydana çıxdıq. Bu, bizim üçün çox maraqla xəyal etdiyimiz və arzuladığımız bir təcrübə idi. Bu təcrübənin yaşanmasını reallaşdıran hər kəsə təşəkkür edirəm. Bir valideyn olaraq övladımla birlikdə oynamaq və onun ilk məşqçisi olmaq mənim üçün ikiqat sevincdir”.
Yığma üzvü Azərbaycan qadın basketbolunun inkişafı üçün vaxta ehtiyac olduğunu da söyləyib: “Noyabr ayında AVRO-2025-in seçmə mərhələsində Avropanın ən güclü komandalarından Belçika ilə qarşılaşdıq. Bizi bu oyunda tək buraxmayan azarkeşlərə təşəkkür edirəm. Təəssüf ki, məğlub olduq. Birdən-birə bu cür heyətlə oynamaq çətin oldu. Ancaq gələcəyə nikbin baxırıq”.
T.Deniskina qadınlardan ibarət 3x3 Azərbaycan yığmasının “Paris-2024” Olimpiya Oyunlarına vəsiqə qazanma şanslarını da dəyərləndirib: “Bu, Azərbaycanın basketbolu adına tarixə nailiyyət olar. Əlbəttə ki, vəsiqə qazanmaq asan olmayacaq. Çünki bütün komandalar Parisə getmək istəyirlər və hər kəs maksimum səy göstərəcək. Arzularımızın reallaşması üçün əla fürsət var”.
Xatırladaq ki, “Paris 2024” Olimpiya Oyunları gələn il 26 iyul-11 avqust tarixlərində təşkil olunacaq.